GÖYTƏPƏ ARXEOLOJİ PARKI NƏDİR?

İnsanlığ tarixinin yaradıcı dövründə (neolit) Azərbaycanda 8 min il bundan əvvəl yaşamış Qafqazın oturaq həyat tərzli erkən əkinçi-maldar tayfalarının zəngin mədəni irsini özündə əks etdirən Göytəpə qədim yaşayış yerinə həsr olunmuş saytımıza xoş gəlmisiniz.  
Gəncə-Qazax bölgəsində ən iri arxeoloji abidələrindən biri olan Göytəpə qədim yaşayış yeri  Kür çayının sağ sahilinin orta axarında, Tovuz şəhərindən 10 km şərq tərəfdə yerləşir. Göytəpə abidəsi bir sıra digər neolit dövrünə aid təpələrin (Şomutəpə, Qarğalartəpə, Töyrətəpə) əhatəsində olub, Kiçik Qafqaz sıra dağlarının qərb hissəsinin arealına daxildir. Burada hər il təxminən 400 mm yağıntı düşür. Kiçik Qafqazdan başlanan bir sıra böyük və kiçik çay axınları Kür çayına axaraq ovalığın landşaftını ayırır. Göytəpə belə bir vadinin, Zəyəm çayının qərb terrasında yerləşmişdir.
Göytəpə magistral yoldan (İpək yolu) 350 metr kənarda olub dəniz səviyyəsindən 420 metr hündürlükdə 1 hektardan çox ərazini əhatə edir. Onun diametri 145 metr, hündürlüyü isə 9 metrdir. İlk dəfə Azərbaycan arxeoloqları tərəfindən 70-ci illərdə (İ.H.Nərimanov) elmi ictimaiyyətə təqdim olunan və hal-hazırda dünya arxeologiyasında bu arxeoloji abidələr kompleksi Şomutəpə və yaxud Şomutəpə-Şulaveri mədəniyyəti adı ilə tanınır. Şomutəpə mədəniyyəti Azərbaycanda təqribən e.ə. VI minilliyə aid olub erkən əkinçilik və maldarlıq təsərrüfatı, qida ehtiyyatlarının çoxalması, əhali artımı, çiy kərpiçdən inşa edilən ilk evlərin tikilməsi, ilkin keramikanın istehsalı və dini inacların yaranması kimi neolit dövrünün bütün əsas atributlarını özündə cəmləşdirir. Ətraflı bax

goytepe05.JPGgoytepe06.JPGgoytepe01.JPG