GÖYTƏPƏ ARXEOLOJİ PARKI NƏDİR?

İnsanlığ tarixinin yaradıcı dövründə (neolit) Azərbaycanda 8 min il bundan əvvəl yaşamış Qafqazın oturaq həyat tərzli erkən əkinçi-maldar tayfalarının zəngin mədəni irsini özündə əks etdirən Göytəpə qədim yaşayış yerinə həsr olunmuş saytımıza xoş gəlmisiniz.   
Gəncə-Qazax bölgəsində ən iri arxeoloji abidələrindən biri olan Göytəpə qədim yaşayış yeri  Kür çayının sağ sahilinin orta axarında, Tovuz şəhərindən 10 km şərq tərəfdə yerləşir. Göytəpə abidəsi bir sıra digər neolit dövrünə aid təpələrin (Şomutəpə, Qarğalartəpə, Töyrətəpə) əhatəsində olub, Kiçik Qafqaz sıra dağlarının qərb hissəsinin arealına daxildir. Burada hər il təxminən 400 mm yağıntı düşür. Kiçik Qafqazdan başlanan bir sıra böyük və kiçik çay axınları Kür çayına axaraq ovalığın landşaftını ayırır. Göytəpə belə bir vadinin, Zəyəm çayının qərb terrasında yerləşmişdir.
Göytəpə magistral yoldan (İpək yolu) 350 metr kənarda olub dəniz səviyyəsindən 420 metr hündürlükdə 1 hektardan çox ərazini əhatə edir. Onun diametri 145 metr, hündürlüyü isə 9 metrdir. İlk dəfə Azərbaycan arxeoloqları tərəfindən 70-ci illərdə (İ.H.Nərimanov) elmi ictimaiyyətə təqdim olunan və hal-hazırda dünya arxeologiyasında bu arxeoloji abidələr kompleksi Şomutəpə və yaxud Şomutəpə-Şulaveri mədəniyyəti adı ilə tanınır. Şomutəpə mədəniyyəti Azərbaycanda təqribən e.ə. VI minilliyə aid olub erkən əkinçilik və maldarlıq təsərrüfatı, qida ehtiyyatlarının çoxalması, əhali artımı, çiy kərpiçdən inşa edilən ilk evlərin tikilməsi, ilkin keramikanın istehsalı və dini inacların yaranması kimi neolit dövrünün bütün əsas atributlarını özündə cəmləşdirir.
2008-ci ildə Respublika Prezidenti cənab İ.H.Əliyevin şəxsi qayğısı və diqqəti sayəsində Azərbaycan arxeologiyasının yeni mərhələsinə start verildi. Uzun fasilədən sonra müstəqil Azərbaycan Respublikası dövründə ölkəmizin zəngin tarixi keçmişini əks etdirən maddi-mədəniyyət abidələri, ciddi elmi informasiyanı özündə saxlayan Göytəpə kimi arxeoloji komplekslər araşdırılaraq yerlı arxeoloqların müstəqil tədqiqatlarına çevrildi.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tovuz arxeoloji ekspedisiyası” bölgədə 2008-ci ildən etibarən iki arxeoloji abidə də Göytəpə və Menteş qədim yaşayış yerlərində əsaslı arxeoloji tədqiqatlar aparır. Bu tədqiqatlar azərbaycan, yaponiya və fransa arxeoloqlarının müştərək araşdırmalarını əks etdirir.
Göytəpə arxeoloji kompleksində 2008-2011- illər ərzində 1000 kv.m2 dən artıq sahədə arxeoloji qazıntı işləri görülmüşdür. Tədqiqatlar zamanı abidədə əsaslı statistik strateqrafiya müayinəsi aparılmışdır. Materiallar müvafiq olaraq e.ə. VI minilliyin əvvəlinə və ortalarına aid edilir və yaşayış yerinin ümumi mədəniyyətini və eləcə də, xronoloji inkişafını müəyyənləşdirməyə əsaslı zəmin yaradır. Əlavə olaraq, Göytəpənin memarlıq üslubunun mükəmməl mühafizəsi, yaşayış tikililəri ilə əlaqəli əşyaların (istehsal üçün nəzərdə tutulmuş əmək alətləri) məkan etibarıilə bir yerdə aşkar olunması dövrün təbiəti və cəmiyyəti haqqında, Göytəpə sakinlərinin həyat tərzinin mümkün rekonstruksiyasına şərait yaradır.
Göytəpədə qazıntılar zamanı bir sıra yeniliklərlə yanaşı qədim dövrdə yaşayış yerini əhatələmiş müdafiə divarının qalıqlarının aşkar edilməsini xüsusilə göstərmək lazımdır. Belə tikili qalıqları digər həmdövr abidələrindən məlum deyil.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən   qrantların verilməsi üzrə 2011-ci ilin 1-ci müsabiqəsinin (EİF-2011-1(3)) qalibi olmuş “İlkin sivilizasiyaları əks etdirən arxeoloji komplekslər (Göytəpə neolit dövrü abidəsi-açıq səma altında arxeopark)” adlı layihə abidənin müəllifi tərəfindən (Fərhad Quliyev, həm müəllif Yoşhihiro Nişiyaki) yeni aspektdə məsələlərə yanaşmasına şərait yaratmış oldu. Göytəpə neolit dövrü arxeoloji abidəsinin dünya əhəmiyyətliliyini əsas götürərək Azərbaycanda ilkin sivilizasiya problemlərini özündə əks etdirən qədim yaşayış yerinin yerli və xarici mütəxəssislərin iştirakı ilə bir sıra istiqamətlərdə (arxeometrik elmlər) paleobotanika, paleozoologiya, geomorfologiya, antropologiya, traselogiya, paleo-mühit, arxeomemarlıq, və digər elmlərin qovşağında öyrənilməsi və həm də arxeoloji kompleksin əlverişli yerləşmə şəraitindən çıxış edərək açıq səma altında arxeoparkın yaradılmasından ibarətdir. Arxeoloji Parkın yaradılması üçün əşağıdakı işlər tədqiqat obyektinin müəllifləri tərəfindən həyata keçiriləcəkdir.  
  •  Göytəpə arxeoloji kompleksində müasir tələblərə cavab verən əsaslı arxeoloji qazıntılar aparılması zamanı aşkar olunmuş bina tikililərinin (o cümlədən ocaqların, təsərrüfat quyularının) konservasiya olunması.
  • Qazıntılar zamanı aşkar olunmuş arxeoloji materiallardan ibarət muzey ekspozisiyasının Arxeoloji Parkın ərazisində təşkil olunması.
  • Qədim yaşayış məskəninin bina tikili modellərinin (yerli erkən əkinçi tayfalara aid neolit dövrünün memarlıq üslubuna uyğun) abidənin ətrafında qurulması və evlərin içəri hissələrində erkən əkinçilər epoxasının yaşam tərzinin bərpası ilə bağlı interyerin yaradılması.  
  • Erkən əkinçilərin qədim istehsal sahələrinə yiyələnməsi nəticəsində elmi-texnoloji biliklərin yaranmasını göstərən eksperimental arxeologiyanın tətbiqi ilə emalatxanaların təşkili (metalın əridilməsi, ox ucluqlarının və digər soyuq silahların hazırlanması, sümükişləmə və daşdan əkinçilik alətlərinin hazırlanması, keramikanın bişirilməsi, dövrün geyimlərinin tikilməsi və qida növlərinin hazırlanması və s.).
Azərbaycan və Yaponiya tədqiqatçılarından təşkil olunmuş müvəqqəti yaradıcı kollektivin beynəlxalq müştərək layihəsinin  kökündə elmi-tədqiqat işi dayanır. Layihənin gerçəkləşməsi ilə gözlənilən nəticələrin istifadəsi ilk növbədə Azərbaycanın maddi-mədəni irsinin beynəlxalq səviyyədə elmi əsaslı şəkildə təqdimatına yönəlmişdir.
Cari il aprel ayının 12-də, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev şimal-qərb bölgəsinə etdiyi növbəti səfəri zamanı, Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü abidəsinin ilkin nəticələri ilə tanış olmuş və abidənin əsaslı öyrənilməsi istiqamətində görülən işləri yeni dövrün reallıqları prizmasından təşkil olunması məqsədilə ilə AMEA yanında Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı 18 aprel tarixli sərəncam imzalamışdır.