“İlkin sivilizasiyaları əks etdirən arxeoloji komplekslər
(Göytəpə neolit dövrü abidəsi - açıq səma altında arxeopark)”

 
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən qrantların verilməsi üzrə 2011-ci ilin 1-ci müsabiqəsinin (EİF-2011-1(3)) qalibi olmuş “İlkin sivilizasiyaları əks etdirən arxeoloji komplekslər (Göytəpə neolit dövrü abidəsi-açıq səma altında arxeopark)” adlı layihəin məqsədi Göytəpə neolit dövrü arxeoloji abidəsinin dünya əhəmiyyətliliyini əsas götürərək Azərbaycanda sivilizasiyanın başlanğıc mərhələsinin problemlərini özündə əks etdirən qədim yaşayış yerinin yerli və xarici mütəxəssislərin iştirakı ilə bir sıra istiqamətlərdə (arxeometrik elmlər) paleobotanika, paleozoologiya, geomorfologiya, antropologiya, traselogiya, paleo-mühit, arxeomemarlıq, və digər elmlərin qovşağında öyrənilməsi və həm də arxeoloji kompleksin əlverişli yerləşmə şəraitindən çıxış edərək açıq səma altında arxeoparkın yaradılmasından ibarətdir.

Layihənin elmi ideyası müasir gündəmdə dünya arxeologiyasının aktual mövzularını əks etdirir. Ötən əsrin 60-80-ci illərində arxeologiya elmində aparıcı ölkələr sayılan İngiltərə, Fransa, Almaniya və SSRİ bəşər tarixində ilkin sivilizasiyaların meydana gəlməsi məsələlərinə xüsusi diqqət ayıraraq çoxlu sayda yeniliklər əldə etmişlər. 

Uzun illər ərzində Orta Şərq regionunda böyük arxeoloji ekspedisiyalar insanlığın tarıxının ən qədim çağlarını əks etdirən biri-birindən maraqlı olan arxeoloji abidələr kəşf etmişlər. Çatalhöyük, Tellxazna, Təpəqavra, Hacıfiruz, Hələf, Samara, Obeyd, Uruk və s qədim arxeoloji komplekslər ilkin sivilizasiyaların meydana gəlməsi və inkişaf mərhələlərini özündə birləşdirən möhtəşəm abidələrdir.

Kompleks tədqiqatların nəticələri Orta Şərqdə və Anadolunun cənubunda e.ə. X-IX minilliklərdə insanların yığıcılıqdan istehsal təsərrüfatına keçid prosesini sənədləşdirir. Təsadüfi deyildir ki, bu ərazilər elmdə neolit mədəniyyətlərinin yayıldığı bölgələr kimi tanınır, hətta, bir çox alimlər tərəfindən “neolit kontinenti” və yaxud “qızıl üçbucaq” adlandırılır.

goytepe05.JPGgoytepe06.JPGgoytepe01.JPG

Neolit çağında cəmiyyətin iqtisadi və sosial strukturunda köklü dəyişikliklərin baş verməsi, yəni paleolit dövrü ovçusunun neolit dövründə fermerə çevrilməsi öz təcəssümünü insanlığın tarixində neolit inqilabının formalaşmasında tapdı. Nəticədə, neolit çağı ilk qloballaşma dövrü kimi tarix səhnəsinə çıxdı.

Bəşər tarixində neolit dövrü sıçrayış və sivilizasiyanın başlanğıc nöqtəsi olmuşdur. Qədim istehsal sahələrinin yaranması, qida ehtiyyatlarının çoxalması, əhali artımı, ictimai çətinliklərin genişlənməsi və yeni simvolik sistemlərin formalaşması bu dövrün mühüm xüsusiyyətlərindəndir. Bu baxımdan arxeologiya elminin ən aktual tədqiqat istiqamətlərindən biri istehsal təsərrüfatına yiyələnərək oturaq həyat tərzi keçirən erkən əkinçi-maldar tayfaların formalaşma və məskunlaşma problemidir.
 

Azərbaycan ərazisində neolit dövrünün erkən mərhələsinə aid yaşayış yerləri, əsasən Gəncə-Qazax bölgəsində Kür çayının orta axarı boyunca yerləşir. İri təpə formasında olan belə məskənlər (Göytəpə. Toyrətəpə, Hüseynqulutəpə, Cinitəpə. Şomutəpə, İlanlıtəpə və başqaları) 0,5-2 hektara qədər sahəni əhatə edir.

goytepe08.JPGgoytepe10.JPGgoytepe09.JPG

Hal-hazırda dünya arxeologiyasında bu arxeoloji abidələr kompleksi Şomutəpə və yaxud Şomutəpə-Şulaveri mədəniyyəti adı ilə tanınır və Qafqazın qədim arxeoloji mədəniyyətləri sırasına daxildir.  Bu səbəbdən də Azərbaycanda ilkin sivilizasiyaların başlanğıc nöqtəsini əks etdirən erkən əkinçi-maldar tayfaların məskunlaşması məsələlərinə aydınlıq gətirmək məqsədilə 2008-ci ildə, bölgədə ən iri arxeoloji abidələrindən biri olan Göytəpə arxeoloji abidəsində yeni arxeoloji qazıntı işlərinə başlanılmışdır. Qeyd edək ki, bu abidə hələ ötən əsrin 70-ci illərində mərhum arxeoloq İ.H.Nərimanov tərəfindən aşkar olunmuşdur.

Layihənin elmi yeniliyi həm də ondan ibarətdir ki, Göytəpə arxeoloji kompleksində aparılan tədqiqatlar zamanı abidənin konservasiyası və gələcək istifadəsi üçün arxeoparka çevrilməsi məqsədi həyata keçiriləcəkdir.
 
Göytəpə arxeoloji kompleksi Tovuz rayonu ərazisində şəhərə 10 km qalmış Bakı-Qazax magistralından (İpək yolu) 350 metr şimala tərəf aralı məsafədə yerləşir. Bakıdan Tovuza nəqliyyat vasitəsilə hərəkət edərkən Qovlar qəsəbəsini keçdikdən sonra magistral yolun sağında böyük bir təpə diqqəti cəlb edir. Qeyd etməliyik ki, elmi mahiyyətindən əlavə arxeoloji abidələr sırasında Göytəpə arxeoloji kompleksinin əlverişli şəraitdə yerləşməsi, ölkə turizmi üçün əhəmiyyətli dərəcədə müstəsna rol oynayır. Odur ki, Azərbaycanın tarixi keçmişinin canlı surətdə təbliğinə xidmət edən belə bir arxeoparkın mövcud olması, gələcəkdə müasir gündəmin tələblərinə cavab verən elmi araşdırmaların və turizm sahəsinin vəhdət təşkil etməsi, layihənin gözlənilən nəticəsi olacaqdır.

İlkin qazıntılar göstərdi ki, abidə öz dövründə dağıntıya məruz qalmadığı üçün, burada olan bina tikililərindən ibarət məhəllələrin kompleks şəkildə torpaqdan təmizlənməsi mümkündür. Tədqiqatçıların fikrinə əsasən Göytəpədə aşkar olunan bina tikililərinin möhtəşəmliyi və möhkəmliyi hələlik Azərbaycanın heç bir neolit və eneolit dövrü abidələrində rast gəlinməmişdir. Bu baxımdan da qazıntılar zamanı aşkar olunmuş bina tikililərinin bir qisminin konservasiyası nəzərdə tutulmuşdur. Göytəpə tipli arxeoloji komplekslərdə  konservasiya işlərinin aparılması dünya təcrübəsində vardır.

Layihənin qarşısında duran əsas məqsədə nail olmaq üçün Göytəpə arxeoloji kompleksində müasir tələblərə cavab verən əsaslı arxeoloji tədqiqatların aparılması məqsədilə Orta Şərqin neolit dövrü sivilizasiyalarının problemləri ilə məşğul olan Yaponiyanın Tokiyo Universitetinin Orta Şərq üzrə neolit ekspedisiyasının rəhbəri Professor Yoşihihiro Nişiyakinin rəhbərlik etdiyi qrupun tərəfimizdən (F.Quliyev) təşkil olunan müvəqqəti yaradıcı kollektivin tərkibinə daxil edilmişdir. Təqdim olunan layihə iştirakçıları AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun və Yaponiyanın Tokiyo Universitetinin mütəxəssislərindən ibarət müvəqqəti beynəlxalq yaradıcı kollektivdən ibarətdir.  

Beynəlxalq müştərək layihənin qarşıya qoyulan məsələləri arasında həmçinin Orta Şərqin ilkin sivilizasiyalarının ilə Azərbaycanın ilkin arxeoloji mədəniyyətləri arasında qarşılıqlı əlaqələrinə aydınlıq gətirmək durur.

Bütün bunlardan məlum olur ki, layihənin kökündə elmi-tədqiqat işi dayanır. Lakin bununla yanaşı, tədqiqat obyektinin (Göytəpə neolit dövrü qədim yaşayış yeri) dünya əhəmiyyətliliyini nəzərə alaraq qeyd etmək istəyirik ki, gözlənilən nəticələrin turizm sahəsində tətbiqi və istifadəsi ölkəmizin zəngin tarixi keçmişinin təbliğinə xidmət etmiş olur.