İlkin sivilizasiyaları əks etdirən arxeoloji komplekslər dünyanın mədəni irsinin başlanğıc mərhələsidir. Arxeoloji tədqiqatlardan məlumdur ki, Orta Şərq regionunda b.e.ə. XII-VIII miniliklərdə insanların yığıcılıqdan istehsal təsərrüfatına keçid prosesi başlanmışdır.
Neolit çağında cəmiyyətin iqtisadi və sosial strukturunda köklü dəyişikliklərin baş verməsi, yəni paleolit dövrünün ovçusunun neolit dövründə fermerə çevrilməsi, insanlığın tarixində ilk inqilab kimi qəbul olunur. Tədqiqatçılar uzun sürən araşdırmalar əsasında haqlı olaraq neolit inqilabını həm də elmdə ilkin qloballaşma dövrü kimi təsdiq ediblər.
Buradan ilkin sivilizasiyaların yaranma mərkəzlərinin məsələsi diqqəti cəlb edir. Aparılan arxeoloji tədqiqatlar üç əsas mərkəzin mövcudluğundan məlumat verir. Cənubi Levant, yuxarı və şimali Mesopotamiya və mərkəzi Anadolu. Bu ərazilər elmdə neolit mədəniyyətlərinin yayılması bölgələri sayılır. Hətta, bu ərazilər alimlər tərəfindən “Neolit kontinenti” və yaxud “Qızıl üçbucaq” adlandırılır.
Uzun illər Avropa arxeologiya məktəbi bütün mövcud potensialını məhz bu üç mərkəzin maddi-mədəniyyət abidələrinin tədqiqatlarına yönəltmişdir. Nəticədə həmin mərkəzlərin şimalında və cənubunda olan geniş ərazilər – Qafqaz və Orta Asiya həmişə diqqətdən kənarda olmuşdur.
Ötən əsrin 60-70-ci illərində rus arxeoloqu t.e.d., prof. R.Munçayev, Azərbaycan arxeoloqları t.e.d., prof. İ.H.Nərimanov, t.e.d. O.H.Həbibullayev, t.e.d. F.R.Mahmudov, gürcü arxeoloqları t.e.d. T.Çubinişvili, t.e.d., prof. Kiquradze və başqaları neolit və eneolit dövrünü əks etdirən Qafqazın qədim erkən əkinçilik mədəniyyəti mövzusunda biri-birinin ardınca tədqiqat işləri çap etdirmişlər. Onu da bildiririk ki, bütün əsas arxeoloji araşdırmalar “Qafqaz qədim sivilizasiya mərkəzidir” mövzusunu əhatə edirdi.
Qeyd etdiyimiz kimi ilkin sivilizasiyaların təməlini qoyan qədim erkən əkinçi mədəniyyətlərinin problemlərinin araşdırılması 40 ildən sonra yenidən müasir arxeologiyanın aktual mövzusuna çevrilmişdir. Hal-hazırda əsaslı intensiv tədqiqat işləri Anadolunun neolit dövrünün arxeoloji komplekslərində aparılır.
2010-cu ilin aprel ayında İngiltərədə Britaniya Muzeyinin təşkil etdiyi Qədim  Şərqin Arxeologiyası 7-ci Beynəlxalq konqresində (“İCAANE-7”, konqres 2 ildən bir dəfə olaraq keçirilir), dünya üzrə ilkin sivilizasiyaların problemləri üzrə məşğul olan tədqiqatçıların məruzələrinin əksəriyyəti üç əsas mərkəzin abidələrinin araşdırılmasına həsr olunmuşdu. Konqresdə bir neçə məruzə, o cümlədən Göytəpə arxeoloji kompleksinin müəlliflərinin məruzələri Göytəpə neolit dövrü arxeoloji kompleksinin fövqündə Qafqazın qədim erkən əkinçilik və maldarlıq mədəniyyətinin məsələlərini əhatə edirdi. Müzakirələr zamanı mütəxəssislər birmənalı olaraq Azərbaycanda Göytəpə tipli neolit dövrü abidələrinin öyrənilməsini xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışlar. 2005-ci ildən etibarən Cənubi Qafqazın b.e.ə. VI minilliyə aid olan neolit dövrü abidələrinin öyrənilməsi istiqamətində yeni bir mərhələyə start verildi. Burada maraqlı cəhət ondan ibarətdir ki, əgər ötən əsrin  60-70 illərində Qafqazın qədim erkən əkinçi və maldar tayfalarının problemlərinin araşdırılması regionun yerli mütəxəssisləri tərəfindən aparılırdısa, hal-hazırda bu məsələdə xarici arxeoloqların proqram və layihələri üstünlük təşkil etməyə başladı. 
Buna misal olaraq regionda mövzumuzla əlaqədar bir sıra arxeoloji layihələri göstərmək istərdik.

xerite1.jpg

Cənubi Qafqazda Göytəpə və digər bu tipli arxeoloji abidələrin xəritəsi

Hal-hazırda neolit dövrü arxeoloji komplekslərinin bir çoxunda qazıntı işləri aparılır. Mövzumuzla bağlı olaraq qeyd edə bilərik ki, bunların arasında ən vacib olanı Cənubi Anadoluda yerləşən məşhur Çatalhöyük arxeoloji kompleksidir. B.e.ə. VII minilliyin ikinci yarısına aid olan Çatalhöyük neolit dövrü arxeoloji kompleksi ilkin proto-şəhər mədəniyyətini özündə əks etdirən möhtəşəm maddi-mədəniyyət abidəsi sayılır. Tədqiqatlardan məlum olmuşdur ki, 700 ilə yaxın yaşamış şəhərdə dinc həyat tərzi hökm sürmüş və Çatalhöyük sakinləri sivilizasiyanın yüksək həddində olmuşlar. İngilis arxeoloqu Ceyms Mellartın Çatalhöyük abidəsinin qazıntılarının nəticələrinin çap olunmasından sonra abidə dünya şöhrəti qazanmışdır. Artıq həmin vaxtdan 40 il keçməsinə baxmayaraq, bu gün də Çatalhöyük arxeoloji kompleksində arxeoloji qazıntılar davam etməkdədir (qazıntılara ABŞ arxeoloqu Yan Holder rəhbərlik edir). Çatalhöyük arxeoloji kompleksi YUNESKO-nun dünya mədəni irsi siyahısında olduğu üçün Türkiyə hökuməti tərəfindən abidənin üzərinə xüsusi örtük salınmışdır. Bunun nəticəsi olaraq qədim yaşayış yerində aparılan qazıntı işləri effektif olmaqla yanaşı, abidənin turizm sahəsində olan mövqeyi də mühüm əhəmiyyət kəsb edir.           
2005-ci ildən etibarən Almaniya Arxeologiya İnstitutu (layihə rəhbəri dr. Svend Hansen) Gürcüstan Respublikasının ərazisində, Marneuli rayonunun Arıxlı kəndində yerləşən Aruxlo (b.e.ə.VI minillik) və Ermənistanda Ağrıdağ düzündə Aknaşen, Xatunarx neolit dövrü qədim yaşayış yerlərində Fransa Milli Araşdırmalar Mərkəzi (dr. Kristin Şatanye) tərəfindən arxeoloji tədqiqatlar aparılır.  Layihənin mövzusu ilə əlaqədar olaraq 2009-cu ildə Almaniya Arxeologiya İnstitutu Azərbaycanda neolit dövrünün abidələrində tədqiqatlar aparmaq qərarına gəlmişlər.
Bununla bağlı layihə rəhbəri ilə birgə (F.Quliyev) Azərbaycanın bölgələrində kəşfiyyat xarakterli işlərin aparılması zamanı Mil-Muğan düzündə Kamiltəpə neolit dövrü qədim yaşayış yeri tədqiqatlara cəlb (Təvəkkül Əliyev və Barbara Helvinq) olundu.
 2007-ci ildə, Azərbaycanın arxeoloji abidələri əsasında Qafqazın qədim erkən əkinçi və maldar tayfalarının problemlərinin araşdırılması məsələləri Fransa Milli Araşdırmalar Mərkəzindən prof., dr. Bertil Lyonnet və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri tarix elmləri üzrə f. dr. Fərhad Quliyevin müştərək tədqiqatları ilə başlanmışdır. CNRS və AMEA arasında olan müştərək tədqiqatlar Azərbaycanın eneolit dövrünün problemlərinin öyrənilməsindən ibarət olmuşdur.
Ümumilikdə Azərbaycanda ilkin sivilizasiyaların başlanğıc mərhələsinin amillərini özündə birləşdirən neolit və eneolit dövrünün abidələrinin beynəlxalq səviyyədə tədqiqatları 2007-ci ildən layihə rəhbəri Fərhad Quliyevin adı ilə bağlıdır.
Yuxarıda qeyd olunan beynəlxalq layihələr əsasən xarici ölkələrin elm fondları tərəfindən maliyyələşir. 2009-cu ildə Almaniya və Fransa arxeoloqları mövzu ilə bağlı tədqiqatlarını birləşdirərək (Qədim Kür) vahid tədqiqat layihəsindən çıxış edirlər.
Azərbaycanda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun vəsaiti hesabına 2007-ci ildən indiyədək mövzu ilə bağlı Tovuz rayonunda Göytəpə, Ağstafada Həsənsu, Ağcabədidə Kamiltəpə, Cəlilabadda isə Polutəpə və Alxantəpə Qarabağda İsmayılbəyli və Fərmantəpə neolit və eneolit dövrü qədim yaşayış yerləri tədqiq olunur. 2009-ci ildən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Göytəpə abidəsinin tədqiqatları ilə məşğul olan Tovuz arxeoloji ekspedisiyasına Yaponiya Tokiyo Universitetinin neolit dövrü üzrə mütəxəssisləri cəlb olunmuşdur.
“İlkin sivilizasiyaları əks etdirən arxeoloji komplekslər (Göytəpə neolit dövrü abidəsi – açıq səma altında arxeopark)” adlı Beynəlxalq Müştərək Layihə bir tərəfdən Azərbaycan Milli Elmlər Akademiyasının, digər tərəfdən isə Yaponiyanın Tokiyo Universitetinin bir qrup mütəxəssislərinin birlikdə təşkil etdiyi müvəqqəti elmi yaradıcı kollektivindən ibarətdir. Göytəpə neolit dövrü arxeoloji kompleksinin əsas tədqiqatçısı F.E.Quliyev AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri vəzifəsində çalışır. O, 2007-ci ildən etibarən “Qafqazda qədim-erkən əkinçi-maldar tayfalarının məskunlaşma prosesləri (b.e.ə. VII-IV minilliklər)” mövzusunda doktorluq dissertasiya üzərində işləyir. Tədqiqatçı həmin ildən başlayaraq Kür çayının orta axarı boyunca ilkin sivilizasiyaların əsas atributlarını özündə əks etdirən arxeoloji abidələrin tədqiqi ilə məşğuldur.
Fərhad Quliyev mövzu ilə əlaqədar tədqiqatların kompleks xarakterli aparılması məqsədilə beynəlxalq müştərək layihələrə üstünlük verir. Bu məqsədlə də 2008-ci ildə Azərbaycanda olmuş Yaponiya Tokiyo Universitetinin professoru Yoshihiro Nişiyakini (paleolit və neolit dövrləri üzrə mütəxəssis) öz qrupu ilə birlikdə Göytəpədə aparılan tədqiqatlara (AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyinin razılığı əsasında) cəlb etmişdir.  Buna əsas səbəb yaponiyalı mütəxəssisin mövcud problem üzrə elmi-təcrübi nailiyətlərinin olması olmuşdur.
Məlumat üçün bildiririk ki, Yaponiya Tokiyo Universitetinin professoru Yoşohihiro Nişiyaki 1984-ci ildən başlayaraq Yaxın Şərqin bir sıra arxeoloji komplekslərində tədqiqat işləri aparmışdır. O, 1994-cü ildə Bolqarıstanda eneolit, 1999-cu ildə Livanda paleolit, 2005-ci ildə Birləşmiş Ərəb Əmirliklərində ilk tunc, 2005-2006-cı illərdə İranda neolit və 1984-2010-cu illərdə mütəmadi olaraq Suriyada neolit, eneolit və ilk tunc dövrlərinə aid olan qədim cəmiyyətlərinin məsələlərini əhatə edən arxeoloji abidələrdə əsaslı arxeoloji qazıntılar aparmışdır.