Tədqiqat obyekti

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyası e.ə. VII-V minillikləri əhatə edən Kür çayının orta axarında yerləşən erkən (oturaq həyat tərzli) əkinçi-maldar tayfaların yaşayış yerlərinin tədqiqatları ilə məşğuldur.  Bölgədə 2008-ci ildən etibarən iki arxeoloji abidə Göytəpə və Menteş qədim yaşayış yerləri tədqiq olunur. Göytəpə neolit dövrü abidəsi Azərbaycan – Yaponiya, Menteş eneolit dövrü abidəsi isə Azərbaycan-Fransa arxeoloqları ilə birgə araşdırılır.   

Dünya əhəmiyyətliyi

Kompleks tədqiqatların nəticələri Orta Şərqdə e.ə. XII-VIII minilliklərdə insanların yığıcılıqdan istehsal təsərrüfatına keçid prosesini sənədləşdirir. Təsadüfi deyildir ki, Orta Şərqə aid ərazilər elmdə neolit mədəniyyətlərinin yayıldığı bölgələr kimi tanınır, hətta, bir çox alimlər tərəfindən “neolit kontinenti” və yaxud “qızıl üçbucaq” adlandırılır.

Dövrün xüsusiyyəti

Bəşər tarixində neolit dövrü sıçrayış və sivilizasiyanın başlanğıc nöqtəsi olmuşdur. Qədim istehsal sahələrinin yaranması, qida ehtiyyatlarının çoxalması, əhali artımı, tikinti mədəniyyətinin formalaşması, biliklərin yaranması özəyi, dini baxışların təbiət fəlsəfəsinə söykənməsi, və yeni simvolik sistemlərin formalaşması bu dövrün mühüm xüsusiyyətlərindəndir.

Azərbaycanda  - Bir sıra vacib amillər, əlverişli ekoloji durum, Orta Şərqin qədim mədəniyyətləri ilə əlaqələr və sairə Azərbaycanda, ümumən Cənubi Qafqazda qədim istehsal təsərrüfatı sahələri olan əkinçilik və maldarlığın formalaşmasına şərait yaratmışdır. Nəticədə, bölgədə Orta Şərqin neolit dövrü abidələri ilə sinxron olan oturaq həyat tərzli yerli erkən əkinçi-maldar tayfalara məxsus yaşayış məskənləri meydana gəlmişdir.


Yerləşmə arealı


Azərbaycan ərazisində neolit dövrünün erkən mərhələsinə aid qədim yaşayış yerləri, əsasən Gəncə-Qazax bölgəsində Kür çayının orta axarı boyunca yerləşir. İri  təpə formasında olan belə məskənlər (Göytəpə. Toyrətəpə,  Hüseynqulutəpə, Cinitəpə. Şomutəpə, İlanlıtəpə və başqaları) 0,5-2 hektara qədər sahəni əhatə edir.

Arxeoloji mədəniyyətin adı - İlk dəfə Azərbaycan arxeoloqları tərəfindən 70-ci illərdə elmi ictimaiyyətə təqdim olunan və hal-hazırda dünya arxeologiyasında bu arxeoloji abidələr kompleksi Şomutəpə və yaxud Şomutəpə-Şulaveri mədəniyyəti adı ilə tanınır. Şomutəpə mədəniyyəti Azərbaycanda təqribən e.ə. VI minilliyə aid olan erkən əkinçilik və maldarlıq təsərrüfatı, ilkin keramikanın istifadəsi kimi neolit dövrünün bütün əsas atributlarını özündə cəmləşdirir.

Arxeoloji mədəniyyətin məsələləri  - Şomutəpə mədəniyyətinin mənşəyi və erkən yerli mədəniyyətlərlə əlaqəsi naməlum olaraq qalır. Hətta bu mədəniyyətin bir sıra xüsusiyyətləri və xronologiyası ilə bağlı məsələlər də hələ tam həllini tapmamışdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda inkşaf etmiş neolit sakinlərinə aid olan bu mədəniyyət radiokarbon analizlər, bitki və heyvan qalıqlarının bərpası, strateqrafiya kimi geniş və müasir qazıntı texnologiyalarından əvvəl müəyyən edilmişdir. Bu səbəbdən də Azərbaycanda ilkin sivilizasiyaların başlanğıc nöqtəsini əks etdirən erkən əkinçi-maldar tayfaların məskunlaşması məsələlərinə aydınlıq gətirmək məqsədilə 2008-ci ildə Göytəpə arxeoloji abidəsində arxeoloji qazıntı işlərinə başlanılmışdır.


Tədqiqatın məqsədi və aktuallığı
 
Göytəpə neolit dövrü arxeoloji abidəsinin dünya əhəmiyyətliliyini əsas götürərək tədqiqatlaın əsas məqsədi, Azərbaycanda ilkin sivilizasiya problemlərini özündə əks etdirən qədim yaşayış yerinin yerli və xarici mütəxəssislərin iştirakı ilə bir sıra istiqamətlərdə (arxeometrik elmlər) paleobotanika, paleozoologiya, geomorfologiya, antropologiya, traselogiya, paleo-mühit, arxeomemarlıq, və digər elmlərin qovşağında öyrənilməsi və həmçinin arxeoloji kompleksin əlverişli yerləşmə şəraitindən çıxış edərək açıq səma altında arxeoparkın yaradılmasından ibarətdir.

Yerləşdiyi yer

Gəncə-Qazax bölgəsində ən iri arxeoloji abidələrindən biri olan Göytəpə qədim yaşayış yeri  Kür çayının sağ sahilinin orta axarında, Tovuz şəhərindən 10 km şərq tərəfdə yerləşir. Göytəpə abidəsi bir sıra digər neolit dövrünə aid təpələrin (Şomutəpə, Qarğalartəpə, Töyrətəpə) əhatəsində olub, Kiçik Qafqaz sıra dağlarının qərb hissəsinin arealına daxildir.

İlkin nəticələr

Abidədə 2008-2011- illər ərzində 1000 kv.m2 dən artıq sahədə arxeoloji qazıntı işləri aparılmışdır. Göytəpədə aparılan ilkin tədqiqatlar göstərir ki, abidə Qafqazın son neolit dövrünü əks etdirən qədim erkən əkinçilərin - Şomutəpə mədəniyyyətinə aiddir. Göytəpə arxeoloji kompleksinin üstünlüyü məzmun etibarıilə daha keyfiyyətli məlumatlar ilə asosiasiya olunmasıdır. Tədqiqatlar zamanı abidədə əsaslı statistik strateqrafiya müayinəsi aparılmışdır. Materiallar müvafiq olaraq e.ə. VI minilliyin əvvəlinə və ortalarına aid edilir və yaşayış yerinin ümumi mədəniyyətini və eləcə də, xronoloji inkişafını müəyyənləşdirməyə əsaslı zəmin yaradır. Əlavə olaraq, Göytəpənin memarlıq üslubunun mükəmməl mühafizəsi, yaşayış tikililəri ilə əlaqəli əşyaların (istehsal üçün nəzərdə tutulmuş əmək alətləri) məkan etibarıilə bir yerdə aşkar olunması dövrün təbiəti və cəmiyyəti haqqında, Göytəpə sakinlərinin həyat tərzinin mümkün rekonstruksiyasına şərait yaradır.

Göytəpədə qazıntılar zamanı bir sıra yeniliklərlə yanaşı qədim dövrdə yaşayış yerini əhatələmiş mühafizə divarının qalıqlarının aşkar edilməsini xüsusilə göstərmək lazımdır. Belə tikili qalıqları digər həmdövr abidələrindən məlum deyil.

Yuxarıda qeyd edilənlər 2011-ci ilə qədər aparılan araşdırmaların ilkin nəticələrinə aiddir. Bu baxımdan hələlik, Göytəpədə neolit dönəminin öyrənilmiş qatları haqqında məlumatımız vardır. Gələcək qazıntılar isə abidənin materikə qədər ki, növbəti qatlarının öyrənilməsinə imkan yaradacaqdır.


Tədqiqatın yenilik dərəcəsi və oxşar tədqiqatlar

Hal-hazırda neolit dövrü arxeoloji komplekslərinin bir çoxunda qazıntı işləri aparılır. Mövzumuzla bağlı olaraq qeyd edə bilərik ki, bunların arasında ən vacib olanı Anadolunun cənubunda yerləşən məşhur Çatalhöyük arxeoloji kompleksidir. B.e.ə. VII minilliyiyə aid olan  Çatalhöyük neolit dövrü arxeoloji kompleksi proto şəhər mədəniyyətini özündə əks etdirən möhtəşəm maddi-mədəniyyət abidəsi sayılır. Tədqiqatlardan məlum olmuşdur ki, 700 ilə yaxın yaşamış şəhərdə dinc həyat tərzi hökm sürmüş və Çatalhöyük sakinləri  sivilizasiyanın yüksək həddində olmuşlar. İngilis arxeoloqu Ceyms Mellartın Çatalhöyük abidəsinin qazıntılarının nəticələrinin çap olunmasından sonra abidə dünya şöhrəti qazanmışdır. Artıq həmin vaxtdan 40 il keçməsinə baxmayaraq, bu gün də Çatalhöyük arxeoloji kompleksində arxeoloji qazıntılar davam etməkdədir (qazıntılara ABŞ arxeoloqu Yan Honer rəhbərlik edir). Çatalhöyük arxeoloji kompleksi YUNESKO-nun dünya mədəni irsi siyahısında olduğu üçün Türkiyə hökuməti tərəfindən abidənin üzərinə xüsusi örtük salınmışdır. Bunun nəticəsi olaraq qədim yaşayış yerində aparılan qazıntı işləri effektif olmaqla yanaşı, abidənin turizm sahəsində olan mövqeyi də mühüm əhəmiyyət kəsb edir.

Gürcüstan Respublikasının ərazisində, Marneuli rayonunun Arıxlı kəndində yerləşən Aruxlo neolit dövrü abidəsində (b.e.ə.VI minillik) 2005-ci ildən etibarən Almaniya Arxeologiya İnstitutu (layihə rəhbəri Svend Hansen) tədqiqatlar aparır.

Tədqiqatlardan gözlənilən nəticələr, onların elmi və təcrübi əhəmiyyəti Qafqazın qədim erkən əkinçilik mədəniyyətini təmsil edən və Azərbaycanda ilkin sivilizasiyaların mövcudluğunu əks etdirən Göytəpə arxeoloji kompleksi, digər bu tipli abidələrdən fərqli olaraq regionda yeganə açıq səma altında fəaliyyət göstərən muzey olacaqdır. Odur ki, Azərbaycanın tarixi keçmişinin canlı surətdə təbliğinə xidmət edən belə bir arxeoloji parkın mövcud olması, gələcəkdə müasir gündəmin tələblərinə cavab verən elmi araşdırmaların və turizm sahəsinin vəhdət təşkil etməsi, tədqiqatların gözlənilən nəticəsi olacaqdır.

Abidənin ictimai siyasi əhəmiyyəti
 
Regionda oturaq həyat tərzi keçirən yerli erkən əkinçi-maldar tayfalara aid ən möhtəşəm arxeoloji abidələrdən biri olan Göytəpə arxeoloji kompleksinin müxtəlif elm sahələrinin qovuşağında öyrənilməsi, bütövlükdə elmi əhəmiyyət daşıyır. Araşdırmaların gerçəkləşməsi ilə gözlənilən nəticələrin istifadəsi ilk növbədə Azərbaycanın maddi-mədəni irsinin beynəlxalq səviyyədə elmi əsaslı şəkildə təqdimatına yönəlmişdir. Bu baxımdan abidənin təqdimatı azərbaycanlıların etnik identikliyinin möhkəmlənməsinə təsir göstərən məxsusi sabit, dəyişməz amillərdən biri ola bilər. Dünya üzrə aparılan tədqiqatlardan məlum olur ki, sivilizasiyanın başlanğıc nöqtəsi məhz erkən əkinçi tayfaların tarix səhnəsinə çıxması ilə bağlıdır. Çünki erkən əkinçi tayfaların oturaq həyat tərzli olması ümumən mədəniyyətin inkişaf səviyyəsinin ideya əsaslarının yaranması ilə nəticələnir. Erkən əkinçi tayfaların mənəvi dünyasının əsas mənbəyi ( ayinlər, etiqad və adətlər) ictimai şüura təsir edən effektiv texnologiyalar rolunda çıxış edə bilər. Əski ideologiyanın düzgün müəyyənləşdirilmiş milli konsepsiya fonunda təqdim edilməsi xalqımızın etnik-mənəvi kökünə olan marağını sürətləndirmiş olur.
            
Elmi kollektiv

Tədqiqatın rəhbəri tarix üzrə f.d. F.E.Quliyev AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri vəzifəsində çalışır. O, 2007-ci ildən etibarən “Qafqazda qədim erkən əkinçi-maldar tayfalarının məskunlaşma prosesləri (b.e.ə. VII-IV minilliklər)” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.  F.E.Quliyev mövzu ilə əlaqədar tədqiqatların kompleks xarakterli aparılması məqsədilə beynəlxalq müştərək layihələrə üstünlük verir. Bu məqsədlə də 2008-ci ildə Azərbaycanda olmuş Yaponiya Tokiyo Universitetinin professoru Yoşhihiro Nişiyakini (paleolit və neolit dövrləri üzrə mütəxəssis) öz qrupu ilə birlikdə Göytəpədə aparılan tədqiqatlara (AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyinin razılığı əsasında) cəlb etmişdir.