Abidənin memarlığı

Neolit dövrünün memarlığı müvafiq tikili üsuluna və quruluşuna görə ümumilikdə bir-birinə bənzərdir. Dövrün tikili materialları 30-50x20x8-10 sm ölçüsündə saman tərkibli düz qabarıq formalı çiy kərpiclərdən ibarətdir. Kərpiclər əsasən sarı və qəhvəyi rənglidirlər. Aparılan qazıntılar zamanı burada sıx olan qalın tikilmiş komplekslər (geniş və kiçik dairəvi tikililər), biri-birinə bağlı olan yaşayış evləri, çıxıntılı divarlar, ocaq yerləri və sobalar kimi digər tikililər aşkar edilmişdir. Yaşayış yerinin bəhs edilən dövr üçün səciyyəvi olan dairəvi planlı tikili qalıqlarının diametri təqribən 2 metrdən 3,5 metrə qədərdir.

goytepe07.JPG
2A kvadratında aşkar edilmişdir dairəvi planlı tikililərdən ibarət həyət yeni.

Qazıntılar zamanı neolit dövrünün memarlığını əks etdirən tikililər aydın və anlaşıqlı şəkildə aşkar edilmişdir. Qədim yaşayış yerinin biri-birindən aralı məsafədə olan kiçik ölçülü dairəvi strukturları ilə iri ölçülü dairəvi tikililəri əlavə enli divarlarla birləşir (tikililərin diametri 7 – 8 m ölçüsündə). Nəticədə, binaların daxili həyəti meydana gəlirdi. Həyətə giriş isə çox güman ki, hər bir tikilinin əlavə divar kəsişməsindən mümkün olurdu. 

goytepe06.JPG
2A kvadratının dairəvi tikililəri

2008-2011-ci illərdə Göytəpədə aparılan qazıntılar qədim yaşayış yerinin neolit dövrünə aid olan mükəmməl memarlığını üzə çıxartdı. Səkkiz min il keçməsinə baxmayaraq, Göytəpənin bina tikililərinin yaxşı vəziyyətdə qalması onların funksional mahiyyəti haqqında yeni elmi məsələləri ön plana çəkir. İlkin qazıntılar göstərdi ki, Göytəpə yaşayış yeri öz dövründə dağıntıya məruz qalmadığı üçün, burada olan bina tikililərindən ibarət məhəllələrin kompleks şəkildə təmizlənib açılması mümkündür. Tədqiqatçıların fikrinə əsasən Göytəpədə aşkar olunan bina tikililərinin möhkəmliyi hələlik Azərbaycanın heç bir neolit və eneolit dövrü abidələrində rast gəlinməmişdir. Bu baxımdan da, qazıntılar zamanı aşkar olunmuş tikililərin bir qisminin konservasiyası tərəfimizdən nəzərdə tutulmuşdur.
Bndan əlavə tədqiqatlardan məlum olur ki, neolit dövründə Azərbaycan və bütövlükdə Cənubi Qafqaz qədim tikinti və memarlıq ənənəsinə malik idi. B.e.ə VI minillikdə Azərbaycanın neolit sakinlərinin aktiv həyat tərzini təmin edən çiy kərpicdən hörülmüş dairəvi planlı tikililər dövrün sosial-iqtisadi inkşafından irəli gələn yeniliklərdən olmuşdur. Göytəpədə aşkar edilmiş tikililər çiy kərpiclərdən ibarət dairəvi planlı memarlıq üslubunu özündə birləşdirən çox əsrlik tikinti təcrübəsini nümayiş etdirir.


goytepe-plan.jpg
Göytəpə qədim yaşayış yerində aşkar edilmiş tikililərin  ümumi planı