KERAMİKA MƏMULATI

Qazıntılar zamanı Göytəpənin bütün təbəqələrində keramika nümunələrinə rast gəlinir. Saxsı məmulatının gili müxtəlif tərkibli olub əsasən bitki və mineral qatışıqlıdırlar. Bitki və mineral tərkibli keramika demək olar ki, say etibarı ilə eynidir. Mineral tərkibli keramika əsasən abidənin alt qatında üstünlük təşkil edir və üst qata doğru tədricən azalır. Forma verən keramika parçalarının təhlilindən məlum olur ki, oturacaqları düz, qalın divarlı, konusvari və əyri formalı küplər, dopular, dərin xeyrələr, qulpları olmayan kiçik qablar Göytəpə sakinlərinin istifadə etdiyi əsas mətbəx qab-qacağı olmuşdur. Keramika məmulatının səthlərinin texniki işlənilməsi çox bəsit formada aparılmışdır .

ceramic003.jpgceramic002.jpg
Göytəpədən olan keramika fraqmentləri
Göytəpədən olan keramika fraqmentləri

Keramik qabların üzərində yapma (yapışdırılma) üsulu ilə düzəldilmiş naxış nümunələrinə də rast gəlinir. Bunların içərisində ən çox istifadə olunmuş naxışlar, qabların ağız kənarını, bəzəyən bir, bəzən isə iki və ya üç uzunsov məməciklər, dalğavari xəttlər, dairəvi və yarımdairəvi, üçbucaq formalı yapmalardır. Bundan əlavə, abidənin üst qatında ağız hissəsi boyalı olan yaxşı bişirilmiş keyfiyyətli keramika nümunələrinə də rast gəlinmişdir. Qabların boyanmasında əsasən qırmızı və ya qırmızımtıl-qəhvəyi rəngli boyalardan istifadə olunmuşdur. Ehtimal etmək olar ki, Göytəpə dulusçuları boyaları yerli xammal olan oxra və ya gematitdən alırdılar. Fikrimizin sübutu kimi yaşayış yerindən aşkar olunan oxranın döyülməsi üçün istifadə olunmuş dən daşını göstərə bilərik.

ceramic003.jpgDSCF2775.JPG
Göytəpədən olan keramika fraqmentləri
Göytəpədən olan keramika fraqmentləri