QAZINTILAR

Gəncə-Qazax bölgəsində ən iri arxeoloji abidələrindən biri olan Göytəpə qədim yaşayış yeri  Kür çayının sağ sahilinin orta axarında, Tovuz şəhərindən 10 km şərq tərəfdə yerləşir. Göytəpə abidəsi bir sıra digər neolit dövrünə aid təpələrin (Şomutəpə, Qarğalartəpə, Töyrətəpə) əhatəsində olub, Kiçik Qafqaz sıra dağlarının qərb hissəsinin arealına daxildir. Burada hər il təxminən 400 mm yağıntı düşür. Kiçik Qafqazdan başlanan bir sıra böyük və kiçik çay axınları Kür çayına axaraq ovalığın landşaftını ayırır. Göytəpə belə bir vadinin, Zəyəm çayının qərb terrasında yerləşmişdir.
Göytəpə magistral yoldan (İpək yolu) 150 metr kənarda olub dəniz səviyyəsindən 420 metr hündürlükdə 2 hektardan çox ərazini əhatə edir. Onun diametri 145 metr, hündürlüyü isə 8 metrdir.
Göytəpə qədim yaşayış yeri sahəsinə görə Şomutəpə mədəniyyətinin ən iri abidələrindən biridir. Tədqiqatlarmızın əsas vəzifələrindən biri bu mədəniyyətin ümumi xüsusiyyətlərini ətraflı izləmək və elmi araşdırmalarda son texnologiyaların tətbiqi ilə abidənin xronoloji konstruksiyasını müəyyən etməkdir.

goytepe-map.jpg
2008 - 2011-ci illərdə qazılmış sahələrin planı
 
2008-ci ildə təpənin üst hissəsindən qazıntı sahəsi hərəsi 100 kv metr olmaqla (10x10 m) kvadratlara bölündu. Abidədə 2008-2011- illər ərzində 1000 kv.m2 dən artıq sahədə arxeoloji qazıntı işləri aparılmışdır. Qazıntılar zamanı hələlik bizə məlum olan 8 metr neolit təbəqəsindən 13 tikili horizontu aşkar edilmişdir. Abidənin yaş həddinin təyin olunması üçün aparılmış radiokarbon analizlər neolit dövrünün 8 metr mədəni qat yatımının e.ə. VI minilliyin əvvəlindən ortalarına qədər davam etdiyini göstərir. Qeyd etmək lazımdır ki, qazıntılar zamanı yaşayış yerinin hələlik materikinə rast gəlinməmişdir. Beləki, daha alt qatda qazılmamış təbəqələr qalır. Göytəpə yaşayış yeri Azərbaycanda və ümumən Qafqazın cənubunda neolit dövründə baş vermiş inkişaf prosesinin əsas xüsusiyyətlərinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Göytəpədə aparılmış arxeoloji qazıntı işləri neolit dövrünə aid tikinti mədəniyyətini, Kür çayının orta axarı boyunca erkən neolit həyat tərzinin inkişafı yollarını və sosial ictimai həyatın öyrənilməsinə şərait yaratmışdır.


schematic-section.jpg
Göytəpənin qazılmış sahələrinin sxematik bölgüsü